“Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində respublikamızın 85 rayon və şəhərlərində “Yaşıl bir dünya üçün həmrəy olaq” şüarı altında 18-27 oktyabr tarixlərində keçiriləcək ağacəkmə aksiyasına start verilib.
Aksiya müddətində Şahbuz rayonunda 10300 ədəd ağac əkilməsi nəzərdə tutulub. Aksiyanın birinci günü Naxçıvan-Batabat magistral avtomobil yolunun Daylaqlı kəndinin ərazisindən keçən 22-25 km və Şahbuz şəhərinin ərazisindən keçən 25-35 km hissələrində olan yaşıllıq sahələrində keçirilib.
Aksiyanın ilk günündə rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları və eləcə də ictimaiyyət nümayəndələri yüksək fəallıqla iştirak ediblər.
Ağacların əkilməsi üçün əvvəlki günlərdən hazırlıq işləri aparılaraq ərazilər müəyyənləşdirilib. Ayrılan ərazilərdə ağacların əkilməsi, qorunması və aqrotexniki qaydada qulluq göstərilməsi üçün lazımi şərait yaradılıb.
Gün ərzində 350 ədəd ərik, 350 ədəd badam, 250 ədəd göyrüş, 100 ədəd iydə olmaqla cəmi 1050 ədəd ağac əkilmişdir. Əkilən ağaclara aqrotexniki qaydada qulluq göstərilərək üzvi gübrə verilmiş, gövdələri ağardılmış və suvarma işləri aparılmışdır.
Növbəti günlərdə aksiyanın uğurla keçirilməsi üçün hazırlıq işləri davam etdirilir.