Rayon haqqında
Şahbuz rayonu - 8 avqust 1930-cu ildə rayon kimi təşkil olunmuşdur. 4 yanvar 1963-cü ildə ləğv edilərək Naxçıvan (indiki Babək rayonu) rayonuna verilmiş, 6 yanvar 1965-ci ildə yenidən təşkil olunmuşdur. Şimal və şərqdə Ermənistanla həmsərhəddir. Ərazisi 836,58 km2, əhalisi 25,3 min nəfərdir (01.01.2020-ci il).
Mərkəzi Şahbuz şəhəridir. Rayonda 1 qəsəbə, 22 kənd vardır.
Rayon ərazisinin böyük hissəsi Zəngəzur və Dərələyəz dağ silsilələrinin yamaclarında yerləşir. Ən yüksək zirvəsi Salvartı (3160 m) dağıdır. Yayı quraq keçən soyuq iqlim tipinə malikdir.
Rayon ərazisində Naxçıvançay və onun qolları Kükü, Şahbuz, Salvartı çayları axır. Rayonda Heydər Əliyev Su Anbarı, Qanlıgöl və Batabat gölləri vardır. Əsasən kənd təsərrüfatı rayonudur. Arıçılıq və heyvandarlıq inkişaf etmişdir.
Rayonda 23 ümumtəhsil məktəbi, 5 məktəbdənkənar, 1 məktəbəqədər tərbiyə müəssisəsi, 28 kitabxana, 26 klub müəssisəsi, 2 muzey, Həsən Əliyev adına Zəngəzur Milli Parkı, 2 uşaq musiqi məktəbi, "Araz" kinoteatrı, 1 Mərkəzi Rayon xəstəxanası, 12 həkim ambulatoriyası, 10 feldşer mama məntəqəsi, Mədəniyyət Sarayı, Gigiyena və Epidemiologiya Şöbəsi və başqa təşkilatlar əhaliyə xidmət edir.
Rayonun ərazisindən keçən avtomobil yollarının uzunluğu 282 kilometrdir. Dövlət əhəmiyyətli yolların uzunluğu 109 kilometr, yerli əhəmiyyətli yolların uzunluğu 173 kilometrdir.
Rayon ərazisində Eneolit, Tunc, Dəmir dövrlərinə, antik dövrə və orta əsrlərə aid yaşayış yerləri, qəbir abidələri qeydə alınmış və öyrənilmişdir. Kükü çayı vadisində eradan əvvəl III minilliyə aid yaşayış yerləri mövcuddur. Tədqiqatçılar tərəfindən Sarıdərə, Ağbulaq, Kolanı, Kükü, Külüs, Şamlar qədim yaşayış yerləri öyrənilmişdir. Aşkar olunmuş mədəniyyət nümunələri, qəbirlər, sikkə nümunələri eramızın əvvəllərində ərazidə böyük mədəniyyətin olduğunu sübut edir.
Rayon ərazisində Fərhad evi, Şapur qalası, Gəlin qayası kimi tarix-memarlıq abidələri vardır.
Son dövrlərdə rayonun ərazisində olan tarixi və memarlıq abidələrinin təmiri və bərpası istiqamətində müəyyən işlər görülmüşdür.
Rayon mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılmışdır.