Prezident İlham Əliyevin tapşırığı ilə fevralın 9-da Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvana səfər edib.
Səfər Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarətlə başlayıb.
Nümayəndə heyəti səfər çərçivəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov və digər rəsmi şəxslərlə görüşüblər.
Qeyd olunub ki, səfərin məqsədi muxtar respublikada meliorasiya və irriqasiya sahəsində görülmüş işləri, sututarlarında yığılan suyun vəziyyətini, suvarma və içməli suya olan tələbatı yerindəcə öyrənib təhlil etmək, içməli və suvarma su təminatının daha da yaxşılaşdırılmasına nail olmaqdır. Muxtar respublikanın təbii sərvətləri, su ehtiyatları, kənd təsərrüfatı, ekoloji potensialı barədə təhlil aparmaq, bu vacib sahələrin inkişafını yeni dövrün tələblərinə uyğunlaşdırmaq, iqtisadi səmərəliliyini yüksəltmək də prioritet vəzifələr sırasındadır.
Görüşdə meliorasiya və irriqasiya sahəsində mövcud vəziyyət dəyərləndirilib, görüləcək işlər geniş müzakirə edilib.
Bildirilib ki, mütəxəssislər Bənəniyar Su Anbarı və kanalına, Nehrəm Su Anbarına, Batabat yaylasına (qar ehtiyatları üçün), Heydər Əliyev Su Anbarına, Şahbuz Şəhər Təmizləyici Qurğular Kompleksinə, Uzunoba Su Anbarına, Naxçıvan Şəhər Su Təmizləyici Qurğular Kompleksinə, Qaraçuq kanalına, Araz Su Anbarı üzərində “Qaraçuq-1” panton nasos stansiyasına, Arpaçay Su Anbarına, Arpaçay sağ sahil kanalına baxış keçirirlər.
Qeyd edək ki, nümayəndə heyətinə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin rəisi Hikmət Məmmədov, Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev, “Azmelsutəsərrüfat” ASC-nin sədri Zaur Mikayılov və digər rəsmi şəxslər daxildir.