Şahbuzda 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunub

Şahbuz Rayon Mədəniyyət Sarayında 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Tədbirdə şəhid ailələrinin üzvləri, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınlar və digər qonaqlar iştirak ediblər.

İlk olaraq Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev çıxış edərək qadınları bayram münasibətilə təbrik edib. Bildirilib ki, Azərbaycan qadını milli-mənəvi dəyərlərimizin qorunmasında, ailə ənənələrinin yaşadılmasında və gənc nəslə ötürülməsində mühüm rola malikdir. Şəhid anaları, qazilərin həyat yoldaşları və qəhrəman övladlar böyüdən analar cəmiyyətimizin ən dəyərli simalarıdır. Azərbaycan qadını təkcə ailə dəyərlərinin qorunmasında deyil, ölkəmizin ictimai-siyasi və mədəni həyatında da fəal iştirak edir.

Şəhid anası Həcər Muradova və Şahbuz rayon Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri Məhərrəm İsmayılov çıxış edərək qadınlara ən xoş arzularını çatdırıblar.

Tədbirdə şəhid ailələrinin üzvlərinə və rayonun ictimai həyatında fəallıq göstərən qadınlara hədiyyələr təqdim olunub.

Daha sonra Şahbuz Rayon Mədəniyyət Şöbəsinin hazırladığı bədii konsert proqramı təqdim edilib. Konsertdə rayonun incəsənət nümayəndələri və yallı kollektivləri çıxış ediblər.