Şahbuz rayonunda Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş konsert proqramı keçirilib

10 may 2025-ci il tarixində Şahbuz Rayon Mədəniyyət Sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Şahbuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə konsert proqramı təşkil olunub.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Tədbirdə Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Gülxarə Tarverdiyeva, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konsertdə tanınmış ifaçılar və kollektivlər səhnəyə çıxaraq tamaşaçılara rəngarəng musiqi və rəqs nömrələri təqdim ediblər. Proqramda Prezident mükafatçıları Cəfər Tağıyev və Əbülfəz Məmmədov, eləcə də Əli Qasımzadə,Hüseyn Qasımov , Turqay Bağırsoy, Nemət Qubadov, Emir Hüseynov və Sibel Camalova müxtəlif mahnılarla çıxış ediblər.

Ayrınc kənd mədəniyyət evinin uşaqlardan ibarət yallı kollektivi və rayon Mədəniyyət Sarayının yallı qrupu tərəfindən təqdim olunan milli rəqslər tədbirə xüsusi rəng qatıb.

Tədbir tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.