Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar 2024-cü il 16 fevral tarixdə Şahbuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Naxçıvan: Azərbaycanın dövlətçilik tarixində” mövzusunda konfrans keçirilib.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüzün təmin olunmasıda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransı giriş nitqi ilə açan Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə rayon ictimaiyyətini təbrik edib, bu yubileyin Azərbaycanın bütövlüyü və suverenliyinin təmin olunduğu bir zamanda qeyd olunmasını böyük xoşbəxtlik kimi dəyərləndirib. Rəfael Babayev bu xoşbəxtliyi xalqa bəxş edən Prezident İlham Əliyevi Azərbaycan Respublikası Prezidentinin seçkilərində qazandığı möhtəşəm qələbəsi münasibətilə təbrik edib, ali dövlətçilik fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.
İcra başçısı Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 2023-cü il dekabrın 30-da “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” imzaladığı Sərəncamın tarixi əhəmiyyətini konfrans iştirakçılarının diqqətinə çatdırıb. Vurğulayıb ki, Naxçıvan diyarı Azərbaycanın çoxəsirlik zəngin keçmişində layiqli yer tutmuş, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynamışdır. Strateji mövqeyi ilə seçilən Naxçıvan hər zaman siyasi mübarizələr meydanına çevrilsədə tarix boyu qarşılaşdığı bütün sınaqları qətiyyətlə dəf etmişdir.
Naxçıvanın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə Naxçıvana xüsusi diqqət göstərmiş, demək olar ki, onun hakimiyyəti illərində muxtar respublika öz çiçəklənmə dövrünü yaşamışdır.
Ümummilli liderin siyasətini uğurla davam etdirən cənab Prezidentimiz ölkəmizin digər bölgələri kimi, Naxçıvan Muxtar Respublikasında da mühüm infrastruktur tədbirləri həyata keçirib, sosial-iqtisadi inkişaf təmin edilib, muxtar respublikanın müdafiə potensialı gücləndirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Naxçıvan Muxtar Respublikasının 80, 85 və 90 illik yubileyləri dövlət səviyyəsində geniş qeyd olunub, 100 illik yubileylə bağlı imzaladığı Sərəncamda da vurğulandığı kimi, Naxçıvan Muxtar Respublikasının yaranması Azərbaycanın siyasi tarixinin mühüm əhəmiyyətli hadisəsi kimi yüksək qiymətləndirilib.
Konfransda Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının sədri Rizvan Məmmədov, AMEA-nın Naxçıvan bölməsinin şöbə müdiri, dosent Asəf Orucov və Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Siyatel Cəfərova çıxış etmişlər.
Konfrans iştirakçıları Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş videoçarx və Naxçıvan Televiziyasının hazırladığı “Ulu torpaq, Ulu Öndər” filminə baxıblar. Filmin nümayişindən sonra Şahbuz Rayon Mədəniyyət Şöbəsinin hazırladığı konsert proqramı təqdim olunub.
|