31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Dəyirmi Masa Keçirilib

 01 aprel 2025-ci il tarixində Yeni Azərbaycan Partiyasının (YAP) Şahbuz rayon təşkilatının inzibati binasında 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı dəyirmi masa keçirilib. Tədbirdə rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra çıxış edən Şahbuz Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Nubar Səfərova tədbirin əhəmiyyətindən danışıb. O, 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününün tarixi mahiyyətini vurğulayaraq, 1918-ci ilin mart ayında erməni silahlı dəstələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi kütləvi qırğınlardan bəhs edib. Bildirilib ki, bu hadisələr nəticəsində minlərlə dinc insan—qocalar, qadınlar, uşaqlar xüsusi amansızlıqla qətlə yetirilib, kəndlər və şəhərlər dağıdılıb.

Daha sonra Şahbuz Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Hüseynli çıxış edərək, Azərbaycan xalqının tarixində silinməz izlər buraxan bu faciənin gələcək nəsillərə düzgün çatdırılmasının vacibliyini qeyd edib. O, erməni daşnaklarının həyata keçirdiyi soyqırımı siyasətinin yalnız 1918-ci illə məhdudlaşmadığını, tarixin müxtəlif dövrlərində də davam etdiyini bildirib.

Şahbuz şəhəri 1 nömrəli tam orta məktəbin müəllimi Rauf Bağırov da çıxış edərək 1918-ci ilin mart ayında Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan və digər bölgələrdə baş verən qırğınlar haqqında ətraflı məlumat verib. O, erməni millətçilərinin törətdikləri vəhşiliklərin beynəlxalq ictimaiyyətə çatdırılmasının və tarixi faktların unudulmamasının vacibliyini vurğulayıb.

Tədbirin sonunda iştirakçılar mövzu ətrafında fikir mübadiləsi apararaq, Azərbaycan xalqının tarixinin qorunması və bu kimi faciələrin bir daha təkrarlanmaması üçün mübarizənin davam etdirilməsinin zəruriliyini qeyd ediblər.