Şahbuzda YAP-ın 33-cü ildönümünə həsr olunmuş “Güclü Azərbaycana doğru 33 illik yol” adlı tədbir keçirilib

Şahbuz Rayon İcra Hakimiyyəti, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyasının (YAP) Şahbuz Rayon Təşkilatının birgə təşkilatçılığı ilə YAP-ın yaranmasının 33-cü ildönümünə həsr olunmuş “Güclü Azərbaycana doğru 33 illik yol” adlı tədbir 21 noyabr 2025-ci il tarixində Şahbuz Rayon Mədəniyyət Sarayında keçirilib.

Tədbir Ümummilli lider Heydər Əliyevin abidəsinin ziyarəti və abidə önünə gül dəstələrinin qoyulması ilə başlayıb. Ardınca Ulu Öndərin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.

Proqram çərçivəsində rəsmi çıxışlar dinlənilib. İlk olaraq Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev çıxış edib. O, Yeni Azərbaycan Partiyasının ölkənin siyasi sisteminin formalaşmasında, dövlətçiliyin möhkəmləndirilməsində və milli inkişaf strategiyasının həyata keçirilməsində misilsiz rol oynadığını vurğulayıb. Rəfael Babayev bildirib ki, Ulu Öndər Heydər Əliyevin siyasi irsi üzərində qurulan bu partiya bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın güclü, sabit və dayanıqlı dövlət kimi inkişafına mühüm töhfə verir.

Daha sonra Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov çıxış edərək YAP-ın dövlət-vətəndaş siyasətinin formalaşmasındakı rolundan söz açıb. Çıxışların davamında YAP Şahbuz Rayon Təşkilatının sədri Rizvan Məmmədov partiyanın 33 illik inkişaf yolundan bəhs edib.

Tədbirdə həmçinin Yeni Azərbaycan Partiyasının fəal üzvlərinə diplom və hədiyyələr təqdim edilib. Mükafatlandırma mərasimində Rəfael Babayev, Məcid Seyidov və Rizvan Məmmədov fəal partiya üzvlərini təbrik ediblər.

Sonda tədbir iştirakçıları üçün konsert proqramı təqdim olunub.