
Şahbuz rayonunda Azərbaycanın şanlı Zəfərinin 6-cı ildönümü münasibətilə konfrans və konsert proqramı təşkil olunub. Şahbuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Vətən müharibəsində qazanılmış tarixi Qələbənin əhəmiyyəti, xalqımızın qəhrəmanlıq salnaməsi, milli birlik və həmrəylik ruhu ön plana çəkilib.
Tədbir iştirakçıları əvvəlcə Mədəniyyət Sarayının foyesində Zəfər Gününə həsr olunmuş sərgi ilə tanış olublar. Sərgidə Zəfər tariximizin əks olunduğu materiallara baxış keçirilib, Azərbaycanın qəhrəmanlıq salnaməsini yaşadan tarixi məqamlar diqqətə çatdırılıb.
Tədbir başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev çıxışında tarixi Zəfərin əhəmiyyətinə xüsusi diqqət yetirib.
Rəfael Babayev bildirib ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olmaqla, xalqımızın milli qürurunun, sarsılmaz iradəsinin və birliyinin təcəssümüdür. Vətən müharibəsində əldə olunan tarixi Qələbə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, milli kimliyimizin və dövlətçilik qürurumuzun daha da möhkəmlənməsi baxımından müstəsna əhəmiyyət daşıyır.
Rayon rəhbəri vurğulayıb ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının azadlıq və ədalət uğrunda mübarizəsinin zirvəsi olub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq, şəhidlərimizin fədakarlığı və qazilərimizin şücaəti xalqımızın tarixində əbədi yaşayacaq.
Rəfael Babayev çıxışında şəhidlərin xatirəsinin daim uca tutulmasının, qazilərə diqqət və qayğının göstərilməsinin, onların Vətən qarşısında xidmətlərinin yüksək qiymətləndirilməsinin vacibliyini də diqqətə çatdırıb. O, Zəfər tarixinin gələcək nəsillərə ötürülməsinin, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinin mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Tədbirin davamında Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının sədri Nicat Ələkbərov çıxış üçün dəvət olunub.
Daha sonra şəhid Emin Rəşadət oğlu Sadıqovun anası, deputat Gülşad Rüstəmovaya söz verilib. Şəhid ailələrinin dövlət və cəmiyyət tərəfindən daim diqqət mərkəzində saxlanılmasının əhəmiyyəti vurğulanıb.
Konfrans çərçivəsində Vətən müharibəsi qazisi İsa Yavərsoyluya da söz verilib. Qazilərin Vətən uğrunda göstərdikləri şücaət və fədakarlıq bir daha ehtiramla qeyd olunub.
Tədbirin bədii hissəsində Naxçıvan Regional Mədəniyyət İdarəsinin Şahbuz Rayon Sektoru tərəfindən hazırlanmış konsert proqramı təqdim edilib. Konsert proqramı Zəfər Gününün ruhuna uyğun olaraq iştirakçılara vətənpərvərlik duyğuları yaşadıb.
8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının qəhrəmanlıq tarixinin, milli birliyinin və dövlətçilik iradəsinin təntənəsidir. Şanlı Zəfərimiz daim qürur mənbəyimiz, şəhidlərimizin müqəddəs xatirəsi isə hər zaman ehtiram ünvanımız olacaq!
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |