Şahbuz rayonundan olan şəhidlərin əziz xatirəsi yad edilib

25 sentyabr 2026-cı il tarixində Şahbuz rayonunda birinci və ikinci Qarabağ müharibələrində şəhid olmuş rayon sakinlərinin əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Şahbuz Rayon İcra Hakimiyyətinin , “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin və Şahbuz Rayon Mədəniyyət sektorunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri, rayon sakinləri və digər qonaqlar iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər Vətən uğrunda canlarından keçən şəhidlərin həyat və döyüş yolundan, onların göstərdikləri qəhrəmanlıq və fədakarlıqdan bəhs ediblər. Qeyd olunub ki, şəhidlik Vətənə, xalqa və torpağa sədaqətin ən yüksək ifadələrindən biridir. Şəhidlərin müqəddəs xatirəsinin daim ehtiramla yad edilməsi, onların həyat və mübarizə yolunun gələcək nəsillərə nümunə kimi çatdırılması mühüm əhəmiyyət daşıyır.
Çıxışlar zamanı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması uğrunda gedən döyüşlərdə şəhid olan hərbçilərin fədakarlığından söz açılıb, şəhid ailələrinə göstərilən diqqət və qayğının əhəmiyyəti vurğulanıb.
Tədbirdə Şahbuz Rayon İcra Hakimiyyəti başçısının müavini Cəlal Paşayev, “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin təsisçisi Üzeyir Məmmədov , şəhid anası Məhparə Rzayeva və qazi Röyal Abdullazadə çıxış ediblər.
Daha sonra “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Şahbuz rayonundan olan şəhidlərin əziz xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirin bədii hissəsində Şahbuz Rayon Mədəniyyət Sarayının əməkdaşları tərəfindən 27 Sentyabr – Anım Günü ilə bağlı hazırlanmış kompozisiya təqdim olunub.
Sonda Vətən uğrunda canından keçmiş bütün şəhidlərin əziz xatirəsinin daim uca tutulacağı, onların qəhrəmanlığının Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağı bildirilib.