
Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə Şada kəndinin sakinlərini növbəti dəfə fərdi qəbul edib, müraciətlərini dinləyib.
17 sentyabr 2025-ci il tarixində Şada kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin inzibati binasında keçirilən səyyar qəbul zamanı rayon rəhbəri vətəndaşları qəbul edib və onları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib.
Rəfael Babayev müraciətlərin qısa müddətdə araşdırılaraq lazımi tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verib. Qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər isə nəzarətə götürülüb.
Kənd sakinləri müraciətlərinə baxılması üçün yaradılan şəraitdən razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Xüsusilə, əvvəlki səyyar qəbullar zamanı vətəndaşların müraciəti əsasında həyata keçirilən yol təmiri işləri ,içməli su və mobil rabitə xidmətlərinin yaxşılaşdırılması istiqamətində görülən işlər kənd sakinləri tərəfindən yüksək qiymətləndirilib. Sakinlər görülən işlərin onların gündəlik həyat şəraitinə müsbət təsir etdiyini vurğulayaraq, göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, Şahbuz Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən bu cür səyyar qəbullar mütəmadi xarakter daşıyır və vətəndaşların dövlət qurumlarına birbaşa müraciət etmək imkanlarını genişləndirir. Bu görüşlər mövcud problemlərin operativ həlli, yeni təşəbbüslərin dəstəklənməsi və kəndlərin sosial-iqtisadi inkişafına töhfə verilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
![]() |
![]() |