Şahbuz rayonunda şəhid ailəsi və qazilər ziyarət olunub

8 Noyabr – Zəfər Günü münasibətilə Şahbuz rayonunda Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi ehtiramla yad edilib, onların ailələrinə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısı çərçivəsində növbəti görüşlər keçirilib.
Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev şəhid ailəsini və qaziləri evlərində ziyarət edib.
Görüşlər çərçivəsində şəhid Mehman Rövşən oğlu Orucovun anası, eləcə də qazilər – Röyal Əli oğlu Abdullazadə, Firuz Novruzəli oğlu Məmmədov, İsa Həmdulla oğlu Yavərsoylu, Əsəd Əli oğlu Heydərov və Mirkənan Mirismayıl oğlu Kərimovla yaşadıqları ünvanlarda səmimi söhbətlər aparılıb.
Ziyarət zamanı şəhid anasının və qazilərin sosial-məişət şəraitləri ilə yaxından maraqlanılıb, onları narahat edən məsələlər dinlənilib. Qaldırılan problemlərin operativ şəkildə həlli üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib və icrası nəzarətə götürülüb.
Söhbət zamanı qəhrəmanlarımızın Vətən qarşısındakı misilsiz xidmətlərindən bəhs olunub, şəhidlərimizin əziz xatirəsinin xalqımızın qəlbində daim uca tutulacağı vurğulanıb.
Şəhid anası və qazilər onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.