Şahbuz rayonunda şəhid ailələrinin ziyarəti davam edir

27 Sentyabr – Anım Günü ərəfəsində Şahbuz rayonunda Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanların əziz xatirəsi ehtiramla yad edilir, onların ailələrinə göstərilən dövlət qayğısı və diqqət davam etdirilir.

Bu çərçivədə Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev və Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının sədri Nicat Ələkbərov rayonun müxtəlif yaşayış məntəqələrində şəhid ailələrini ziyarət ediblər.

Yuxarı Qışlaq kəndində şəhid Səfərov Qəşəm Taməddin oğlunun, Ayrınc kəndində isə şəhid mayor Orucov Elşən Yavər oğlunun ailələri ilə görüşlər keçirilib.

Görüşlər zamanı şəhid ailələrinin  sosial-məişət qayğıları ilə maraqlanılıb, onları narahat edən məsələlər dinlənilib. Qaldırılan problemlərin aidiyyəti üzrə operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsi diqqətdə saxlanılıb.

Ziyarətlər zamanı şəhidlərin Vətən qarşısında göstərdikləri misilsiz xidmətlərdən bəhs olunub, onların əziz xatirəsinin xalqımız tərəfindən daim uca tutulduğu vurğulanıb.

Şəhid ailələri onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.