Şahbuz rayonunda şəhid ailələri ziyarət edilib

8 Noyabr – Zəfər Günü münasibətilə Şahbuz rayonunda Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanların əziz xatirəsi ehtiramla yad edilib, şəhid ailələrinə göstərilən dövlət qayğısı və diqqət davam etdirilib.
Bu çərçivədə Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev və Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının sədri Nicat Ələkbərov şəhid ailələrini ziyarət ediblər.
Şəhid Bağırov Ramin Nəriman oğlunun, Tağıyev Səbuhi Gündüz oğlunun, Mürşüdov Məzəddin Musa oğlunun, İsmayılov Fərmayıl İsmayıl oğlunun və Ələkbərov Vahid Zahid oğlunun ailələri ilə yaşadıqları ünvanlarda görüşlər keçirilib.
Görüşlər zamanı şəhid ailələrinin sosial-məişət qayğıları ilə maraqlanılıb, onları narahat edən məsələlər dinlənilib. Qaldırılan problemlərin aidiyyəti qurumlar tərəfindən operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsi diqqətdə saxlanılıb.
Ziyarətlər zamanı şəhidlərin Vətən qarşısında göstərdikləri misilsiz xidmətlərdən bəhs olunub, onların əziz xatirəsinin xalqımız tərəfindən daim uca tutulduğu vurğulanıb.
Şəhid ailələri onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.