8 Noyabr – Zəfər Günü münasibətilə Şahbuz rayonunda Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanların əziz xatirəsi ehtiramla yad edilib, şəhid ailələrinə göstərilən dövlət qayğısı və diqqət davam etdirilib.
Bu məqsədlə Şahbuz Rayon İcra Hakimiyyəti başçısının müavini Cəlal Paşayev və icra hakimiyyətinin əməkdaşları şəhid ailələrini və qazimizi ziyarət ediblər.
Ziyarətlər çərçivəsində şəhid Cəfərov Cavid Dilavər oğlunun, Məmmədov Tural Süleyman oğlunun, Qureşli Firuz Əli oğlunun və Hacıyev Afət Əşrəf oğlunun ailələri, eləcə də qazi Qəhrəmanlı Təvəkkül Hafiz oğlu ilə yaşadıqları ünvanlarda görüşlər keçirilib.
Görüşlər zamanı şəhid ailələrinin və qazinin sosial-məişət şəraiti və qayğıları ilə maraqlanılıb, onları narahat edən məsələlər dinlənilib. Qaldırılan problemlərin aidiyyəti üzrə operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsi diqqətdə saxlanılıb.
Ziyarətlər zamanı şəhidlərimizin Vətən qarşısında göstərdikləri misilsiz qəhrəmanlıq və xidmətlərdən bəhs olunub, onların əziz xatirəsinin xalqımız tərəfindən daim uca tutulduğu vurğulanıb.
Şəhid ailələri və qazi onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.