19 oktyabr 2026-cı il tarixində Şahbuz Rayon Mədəniyyət Sarayında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələrin icrasına həsr olunmuş müşavirə keçirilib.
Müşavirənin rəsmi hissəsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin əhəmiyyətindən danışıb. O, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında dövlət başçısı tərəfindən qarşıya qoyulan vəzifələrin və müəyyənləşdirilən prioritetlərin yerlərdə ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Rayon rəhbəri dövlətçilik prinsiplərinə sədaqətin, milli-mənəvi dəyərlərin qorunmasının, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin və cəmiyyətin inkişafına xidmət edən təşəbbüslərin dəstəklənməsinin əhəmiyyətini diqqətə çatdırıb. Eyni zamanda, qarşıya qoyulan vəzifələrin icrasında dövlət qurumlarının üzərinə düşən məsuliyyətdən bəhs edib.
Müşavirədə Şahbuz Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Hüseynli, Şahbuz Rayon Statistika İdarəsinin rəisi Xaliq Abdullazadə, Sələsüz kənd tam orta məktəbinin direktoru Vüqar Əsgərov və Badamlı qəsəbə tam orta məktəbinin direktor müavini Mədinə Səfərli çıxış ediblər.
Çıxışlarda Prezident İlham Əliyevin qurultaydakı nitqindən irəli gələn vəzifələrin mahiyyəti və onların müxtəlif sahələrdə həyata keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyəsi, onlarda vətənpərvərlik hisslərinin gücləndirilməsi, zərərli meyillərdən və mənfi xarici təsirlərdən qorunması, eləcə də təhsilin keyfiyyətinin yüksəldilməsi məsələləri ön plana çəkilib.
Təhsil və gənclərlə iş sahələrini təmsil edən natiqlər milli kimliyin qorunmasının, Azərbaycan tarixinin və mədəni irsinin təbliğinin, gənclərin dövlətçilik ideyalarına sədaqət ruhunda yetişdirilməsinin vacibliyini vurğulayıblar. Qeyd olunub ki, sağlam düşüncəli, savadlı və vətənpərvər gəncliyin formalaşdırılması ölkənin gələcək inkişafı və dövlət müstəqilliyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Müşavirədə yekun nitqi ilə çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi nailiyyətlərdən, ölkənin gələcək inkişaf hədəflərindən və dövlət siyasətinin əsas istiqamətlərindən danışıb.
Samir Seyidəhmədli Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirilən fikirlərin və müəyyənləşdirilən prioritetlərin ölkənin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. Bildirib ki, qarşıya qoyulan vəzifələrin uğurla icrası dövlət qurumlarından, ictimai-siyasi təşkilatlardan və hər bir vətəndaşdan məsuliyyətli yanaşma, təşəbbüskarlıq və birgə fəaliyyət tələb edir.
O, dövlət başçısının müəyyən etdiyi hədəflərə çatmaq üçün yerlərdə fəaliyyətin səmərəliliyinin artırılmasının, vətəndaş müraciətlərinə həssas yanaşılmasının, ictimai-siyasi sabitliyin qorunmasının və dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. Eyni zamanda, milli həmrəyliyin gücləndirilməsi, gənclərin milli-mənəvi dəyərlərə bağlı və vətənpərvər ruhda yetişdirilməsi istiqamətində məqsədyönlü fəaliyyətin əhəmiyyətini diqqətə çatdırıb.
Müşavirədə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas məqsədlərindən birinin Azərbaycanın müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi, əhalinin rifahının yüksəldilməsi və ölkənin hərtərəfli inkişafının təmin olunması olduğu vurğulanıb.
Sonda Yeni Azərbaycan Partiyasının VIII Qurultayında qarşıya qoyulan vəzifələrin icrasının, milli-mənəvi dəyərlərin qorunmasının və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin hər bir sahədə diqqət mərkəzində saxlanılmasının vacibliyi qeyd olunub.