Şahbuz rayonunda kənd təsərrüfatının inkişafı, torpaq ehtiyatlarından səmərəli istifadə və əkinəyararlı torpaqların təsərrüfat dövriyyəsinə cəlb edilməsi istiqamətində həyata keçirilən tədbirlər öz müsbət nəticələrini verməkdədir.
Aparılan maarifləndirmə işlərinin nəticəsi olaraq torpaq mülkiyyətçilərindən biri tərəfindən Sələsüz və Türkeş kəndlərinin ərazisində ümumilikdə 108 hektar sahədə taxıl əkini həyata keçirilib. Əkin sahələrinin suvarma suyu ilə fasiləsiz və səmərəli təmin olunması məqsədilə ərazidə müasir tipli suvarma sistemi də quraşdırılıb.
Yeni suvarma infrastrukturunun yaradılması torpaq və su ehtiyatlarından qənaətlə istifadə olunmasına, suvarma prosesinin daha səmərəli təşkilinə, əkin sahələrinin məhsuldarlığının artırılmasına və kənd təsərrüfatı istehsalının genişləndirilməsinə mühüm töhfə verəcək.
Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev müasir suvarma sistemi quraşdırılmış əraziyə baxış keçirib, sahibkarla görüşərək görülən işlərlə, yaradılan infrastrukturla və əkin sahələrinin mövcud vəziyyəti ilə maraqlanıb.
Görüş zamanı rayon rəhbəri kənd təsərrüfatı sahəsində sahibkarlıq təşəbbüslərinin, xüsusilə də torpaq və su ehtiyatlarından səmərəli istifadəyə, əkin sahələrinin genişləndirilməsinə və müasir aqrotexniki yanaşmaların tətbiqinə yönələn layihələrin əhəmiyyətini vurğulayıb. Sahibkara bu istiqamətdə fəaliyyətinin bundan sonra da dövlət dəstəyi ilə müşayiət olunacağını bildirib.