Şahbuz rayonunda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib

Azərbaycanda 27 Sentyabr – Anım Günü artıq altıncı ildir qeyd olunur. Bu əlamətdar gün 2020-ci il sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin yad edilməsi məqsədilə təsis edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı Sərəncama əsasən hər il sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd olunur.

27 Sentyabr – Anım Günü münasibətilə Şahbuz rayonunda da silsilə tədbirlər keçirilib.

Sentyabrın 27-də Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev,Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının sədri Nicat Ələkbərov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, şəhid ailələri, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri Şahbuz şəhərində yerləşən Şəhidlər Abidə Kompleksini ziyarət ediblər.

Tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edib, abidə kompleksinin önünə gül dəstələri qoyublar.

Şəhidlərin ruhuna dualar oxunub, onların müqəddəs xatirəsinin daim uca tutulacağı vurğulanıb.

Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub. Bu Zəfərin əldə edilməsində canından keçən şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən hər zaman böyük ehtiram və minnətdarlıq hissi ilə yad edilir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!