Şahbuz rayonunda 20 Yanvar faciəsinin 36-cı ildönümü dərin ehtiram və hüznlə qeyd olunub

  Rayonun Şəhidlər abidə kompleksinin önünə gül dəstələri düzülərək Vətən uğrunda canlarından keçmiş qəhrəmanların əziz xatirəsi yad edilib.

20 Yanvar faciəsi Azərbaycan xalqının müstəqillik, istiqlal və azadlıq uğrunda apardığı milli azadlıq hərəkatının ən uca zirvəsi, şanlı tariximizin qanla yazılmış, lakin qürurverici səhifəsidir. Bu gün xalqımızın öz ləyaqətini, milli iradəsini və azad yaşamaq əzmini bütün dünyaya nümayiş etdirdiyi gündür. 20 Yanvar — zülmə boyun əyməyən, haqqı uğrunda hər cür qurban verməyə hazır olan xalqın sarsılmaz ruhunun təcəssümüdür.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi bu faciəyə ədalətli münasibətin və tarixi həqiqətin bərpası oldu. Bu addım xalqımızın yaddaşında şəhidlərimizin qəhrəmanlığını əbədi yaşatdı.

Bu gün 20 Yanvar təkcə bir faciə deyil, eyni zamanda Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda aparılan mübarizənin rəmzidir. Azərbaycan xalqı hər il bu günü dərin hüznlə yanaşı, böyük qürur hissi ilə anır, şəhidlərimizin müqəddəs xatirəsi qarşısında baş əyir. Onların qanı ilə yazılan müstəqillik tariximiz daim yaşayacaq və gələcək nəsillərə örnək olacaq.