Şahbuz Rayon Mədəniyyət Sarayında 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

12 iyun 2026-cı il tarixində Şahbuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şahbuz Rayon Mədəniyyət Sarayında 15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev bildirib ki, müasir Azərbaycan dövlətinin qurucusu və memarı Ümummilli Lider Heydər Əliyevdir. Qeyd olunub ki, 1990-cı illərin ağır və mürəkkəb dövründə xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan dövlətçiliyi qorunub saxlanılıb, ölkəmiz parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən xilas olub. Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirdə Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının sədri Rizvan Məmmədov və Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin tarix müəllimi Rauf Bağırov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixindəki müstəsna xidmətlərindən, ölkənin inkişafı və tərəqqisi naminə həyata keçirdiyi siyasətdən bəhs ediblər. Çıxışlarda vurğulanıb ki, Azərbaycan xalqı Heydər Əliyevin xatirəsini daim dərin hörmət və ehtiramla yad edəcəkdir.

Tədbirin bədii hissəsində Şahbuz Rayon Mədəniyyət sektorunun hazırladığı konsert proqramı təqdim olunub. Konsert proqramında ifa olunan musiqi nömrələri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb və onlara xoş anlar yaşadıb.