8 Noyabr – Zəfər Günü ərəfəsində Şahbuz rayonunda Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanların əziz xatirəsi ehtiramla yad edilir, şəhid ailələrinə göstərilən dövlət qayğısı və diqqət davam etdirilir.
Bu çərçivədə Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev rayonun müxtəlif yaşayış məntəqələrində şəhid ailələrini və müharibə əlilini ziyarət edib.
Ziyarətlər zamanı Babək rayonunun Vayxır kəndində şəhid Alməmmədov İman Tarverdi oğlunun,Şahbuz rayonunun Biçənək kəndində şəhid Hüseynov Əli Abbas oğlunun, Hüseynov Hüseyn Abbas oğlunun və Hüseynov Elsəvər Hüseyn oğlunun, Yuxarı Qışlaq kəndində şəhid Səfərov Qəşəm Taməddin oğlunun, Ayrınc kəndində isə şəhid Orucov Elşən Yavər oğlunun ailələri ilə görüş keçirilib. Həmçinin Biçənək kəndində müharibə əlili Rəhimov Kamal Famil oğlu yaşadığı ünvanda ziyarət olunub.
Görüşlər zamanı şəhid ailələrinin və müharibə əlilinin sosial-məişət şəraiti və qayğıları ilə maraqlanılıb, onları narahat edən məsələlər dinlənilib. Qaldırılan problemlərin aidiyyəti üzrə operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsi diqqətdə saxlanılıb.
Ziyarətlərdə şəhidlərin Vətən qarşısında göstərdikləri misilsiz xidmətlərdən bəhs olunub, onların qəhrəmanlığının və əziz xatirəsinin xalqımız tərəfindən daim uca tutulduğu vurğulanıb.
Şəhid ailələri və müharibə iştirakçısı onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.