Kiçikoba kəndində növbəti səyyar vətəndaş qəbulu keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, vətəndaşların müraciətlərinə yerində baxılması, onların üzləşdiyi çətinliklərin operativ şəkildə araşdırılması və həlli istiqamətində ardıcıl tədbirlər davam etdirilir. Bu çərçivədə Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev 21 oktyabr 2026-cı il tarixində Kiçikoba kəndində növbəti səyyar vətəndaş qəbulu keçirib.
Tədbirdə Şahbuz Rayon İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, rayonun yerli xidmət sahələrinin rəhbərləri, eləcə də kənd sakinləri iştirak ediblər.
Görüşdə çıxış edən Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi islahatların əsas məqsədi vətəndaş məmnunluğunun təmin edilməsi və əhalinin rifah halının daha da yaxşılaşdırılmasıdır.
Rayon rəhbəri dövlət başçısının regionların, xüsusilə də Naxçıvan Muxtar Respublikasının tərəqqisinə göstərdiyi xüsusi diqqəti vurğulayıb. Qeyd olunub ki, möhtərəm Prezidentin avqust ayında muxtar respublikaya reallaşan səfəri və 12 avqust 2026-cı il tarixli sərəncamı Naxçıvanın sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsinə güclü təkan verib. Bununla yanaşı, sakinlərin diqqətinə çatdırılıb ki, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” birbaşa regionların potensialının artırılmasına, yerli istehsalın və məşğulluğun genişləndirilməsinə yönəlib.
Səyyar görüşdə vətəndaşlar tərəfindən qaldırılan müraciət və təkliflərin hər biri fərdi qaydada diqqətlə dinlənilib. Rayon icra hakimiyyətinin başçısı qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə araşdırılması və operativ şəkildə həll edilməsi məqsədilə aidiyyəti xidmət sahələrinin rəhbərlərinə konkret tapşırıqlar verib.
Kənd sakinləri onlara göstərilən diqqət və qayğıya, eləcə də problemlərinin yerindəcə dinlənilməsi üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.