
7 may 2026-cı il tarixdə Şahbuz şəhərində yerləşən Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Gənclik Festivalı – Şahbuz 2026” adlı festival keçirilib.
Festival Şahbuz Rayon İcra Hakimiyyəti , Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Festivalın əsas məqsədi Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin gənc nəslə aşılanması, Şahbuz rayonunda gənclərin sosial fəallığının artırılması, onların yaradıcılıq və innovativ düşüncə potensialının üzə çıxarılması, sağlam həyat tərzinin təşviqi və milli-mənəvi dəyərlərin təbliğinin gücləndirilməsi olub. Eyni zamanda açıq hava formatında təşkil edilən tədbir gənclərin asudə vaxtının səmərəli təşkilinə xidmət edib.
Tədbir iştirakçıları əvvəlcə Şahbuz şəhərinin mərkəzində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri düzüblər. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Açılış mərasimində Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev çıxış edərək bildirib ki, ölkəmizdə gənclər siyasətinin əsasını məhz Ümummilli Lider Heydər Əliyev qoyub və bu siyasət bu gün uğurla davam etdirilir. O, Şahbuz gənclərinin elm, təhsil, idman və mədəniyyət sahələrində qazandıqları uğurların sevindirici olduğunu vurğulayıb.
Daha sonra Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri vəzifələrini icra edən, nazir müavini Məcid Seyidov çıxış edərək festivalın gənclərin potensialının inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. Bildirilib ki, muxtar respublikada gənclərin hərtərəfli inkişafı üçün ardıcıl layihələr həyata keçirilir və bu kimi tədbirlər onların ictimai fəallığının artırılmasına mühüm töhfə verir.
Festival çərçivəsində təşkil olunan təqdimat guşələri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Şahbuz rayonundan olan istedadlı və yaradıcı gənclərin əl işləri, rəsm əsərləri və tətbiqi sənət nümunələri sərgilənib. Gənclərin musiqi və digər yaradıcılıq bacarıqları da nümayiş etdirilib.
Festival ərazisində müxtəlif mövzuları əhatə edən zonalar fəaliyyət göstərib. Rəsm guşəsində gənc rəssamlar canlı olaraq rəsmlər çəkiblər. Rayon gənclərinin uğurlarını əks etdirən sərgi təşkil olunub, face art guşəsi isə xüsusilə uşaqlar və yeniyetmələrin marağına səbəb olub.
Hərbi-vətənpərvərlik zonasında müxtəlif növ silahlar nümayiş etdirilib, nümunəvi çıxışlar təqdim olunub və gənclərə vətənpərvərlik ruhunun aşılanmasına xüsusi diqqət yetirilib. İntellektual oyunlar zonasında “Nə? Harada? Nə zaman?” və “Vətəni tanı!” oyunları keçirilib. Gənclər arasında sağlam rəqabət və komanda ruhu yaradılıb.
İdman yarışları zonasında şahmat, stolüstü tennis, dart və güləş üzrə yarışlar təşkil olunub. Açıq hava idman oyunları festival iştirakçılarının böyük marağına səbəb olub və gənclər gün ərzində müxtəlif yarışlarda fəal iştirak ediblər.
Festivalın bədii hissəsi konsert proqramı ilə davam edib. Naxçıvan Regional Mədəniyyət İdarəsinin Şahbuz Rayon Sektorunun kollektivinin ifasında müxtəlif musiqi nömrələri səsləndirilib. Həmçinin Naxçıvan Dövlət Filarmoniyasının müğənniləri çıxış edərək tədbirə xüsusi rəng qatıblar. Könüllülərin iştirakı ilə təşkil olunan flaşmob isə festivalın ən yaddaqalan məqamlarından biri olub.
“Gənclik Festivalı – Şahbuz 2026” gənclərin yaradıcılıq, intellektual və fiziki potensialının nümayiş etdirilməsi baxımından əlamətdar tədbir kimi yadda qalıb. Festival iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |