Batabatda növbəti təmizlik aksiyası keçirilib

 

29 avqust 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Şahbuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Batabat ərazisində növbəti genişmiqyaslı təmizlik aksiyası həyata keçirilib.

Aksiya zamanı ərazidə yaranmış tullantılar toplanaraq ətraf mühitin təmizliyi, təbii landşaftın qorunması və ərazinin estetik görünüşünün yaxşılaşdırılması istiqamətində müvafiq işlər görülüb.

Təəssüf ki, bəzi ziyarətçilər tərəfindən tullantıların ətrafa atılması Batabatın təbii gözəlliyinə və ekoloji mühitinə mənfi təsir göstərir. Bu hal bir daha göstərir ki, təbiətə münasibətimiz ətraf mühitin gələcəyinin formalaşmasında mühüm rol oynayır.

Möhtəşəm təbiəti və bənzərsiz mənzərələri ilə seçilən Batabat hər bir ziyarətçidə xoş təəssürat yaratmalıdır. Bunun üçün ərazinin yalnız turizm mövsümündə deyil, ilin bütün dövrlərində təmiz və səliqəli saxlanılması hər birimizin ortaq məsuliyyətidir.

Təmizlik aksiyasının əsas məqsədi təbiətin qorunmasına töhfə vermək, ətraf mühitin mühafizəsinə diqqəti artırmaq və bu unikal məkanı gələcək nəsillərə sağlam şəkildə çatdırmaqdır.

 Unutmayaq: təbiət bizə əmanətdir. Onu qorumaq isə hər birimizin borcudur!