1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü böyük coşqu ilə qeyd olunub

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Şahbuz Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbirdə çıxış edən Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev uşaqları bayram münasibətilə təbrik edərək bildirib ki, uşaqların hərtərəfli inkişafı, onların sağlam və xoşbəxt gələcəyinin təmin olunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. O, bütün uşaqlara uğurlar və xoşbəxt gələcək arzulayıb.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova və Şahbuz rayonu üzrə təhsil sahəsində yüksək nailiyyət göstərən şagird Ramazan Hacıyev də çıxış ediblər.

Daha sonra Şahbuz rayonu üzrə təhsil, incəsənət və idman sahələrində fərqlənən uşaqlara Şahbuz Rayon İcra Hakimiyyəti və  Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış diplom və hədiyyələr təqdim edilib.

Tədbirin bədii hissəsində Şahbuz rayonunda fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin, eləcə də körpələr evi–uşaq bağçasının uşaqları tərəfindən şeir, mahnı və rəqs nömrələri təqdim olunub.