Şahbuzda Zəfər Günü və Bayraq Günü münasibətilə “Bayraq yürüşü” keçirilib

8 noyabr 2025-ci il tarixində Zəfər Günü və Bayraq Günü münasibətilə Şahbuz şəhərində möhtəşəm “Bayraq yürüşü” təşkil olunub. Yürüş Şahbuz Rayon İcra Hakimiyyətinin qarşısından başlayaraq Heydər Əliyev prospekti boyunca Bayraq Meydanına qədər davam edib.

 Şahbuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təşkil olunan tədbirdə rayon sakinləri, qonaqlar, gənclər və məktəblilər fəal iştirak ediblər. Öndə gedən yürüş iştirakçıları əllərində qəhrəman şəhidlərimizin fotoları ilə şəhərin əsas prospekti boyunca hərəkət ediblər. Gənclərin daşıdığı nəhəng dövlət bayrağının uzunluğu 16 metr, eni isə 8 metr olub ki, bu da yürüşə xüsusi təntənə və coşğu qatıb.

Bayraq Meydanında keçirilən tədbirdə iştirakçılar Ümummilli lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra çıxış edənlər Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Ülvi Əliyev və tarix müəllimi Rauf Bağırov Azərbaycan xalqının şanlı qələbəyə aparan yolundan, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun göstərdiyi qəhrəmanlıqdan bəhs ediblər.

Tədbir  vətənpərvərlik mövzusunda şeirlərin səslənməsi ilə davam edib. Şahbuz sakinləri Zəfər Günü və Bayraq Gününü böyük ruh yüksəkliyi ilə qeyd ediblər.