
Konstitusiya və Suverenlik İli çərçivəsində 5 noyabr 2025-ci il tarixində Şahbuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Şanlı Zəfərin Beşinci İldönümü” adlı tədbir keçirilmişdir.
Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Tədbirdə çıxış edən Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının müasir tarixində qürur və iftixar mənbəyi olduğunu qeyd etmişdir.
O bildirmişdir ki, 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Qələbə Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir.
Rəfael Babayev vurğulamışdır ki, bu Qələbə xalqımızın birliyinin, ordumuzun rəşadətinin və dövlətimizin qüdrətinin bariz göstəricisidir. Başçı həmçinin qeyd etmişdir ki, Konstitusiya və Suverenlik İli çərçivəsində keçirilən bu kimi tədbirlər gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına və Zəfər Gününün mənəvi dəyərinin yaşadılmasına xidmət edir.
Daha sonra Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi” İnarə Quliyeva və şəhid Muradlı İlkinin anası Həcər Muradova çıxış edərək 8 Noyabr Zəfər Gününün Azərbaycan xalqının milli həmrəyliyinin, qəhrəmanlığının və dövlət müstəqilliyinin təntənəsi olduğunu vurğulamışlar.
Sonda 44 günlük Vətən müharibəsində qəhrəman Azərbaycan Ordusunun şücaətindən bəhs edən “Zəfər günü” adlı sənədli film nümayiş etdirilmişdir.
Zəfər Günü — Azərbaycanın suverenliyinin, milli birliyinin və ədalətin bərpasının təcəssümüdür. Bu gün xalqımızın tarixi yaddaşında qürur, mübarizlik və azadlıq iradəsinin rəmzi kimi əbədi yaşayacaqdır.
![]() |
![]() |
![]() |
![]() |
![]() |