Şahbuzda “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş konsert keçirilib

07 noyabr 2025-ci il tarixində Şahbuz Rayon Mədəniyyət Şöbəsinin təşkilatçılığı ilə “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş bayram konserti keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər, ardından Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirin məqsədi tarixi Zəfərimizin xalqımızın yaddaşında daim yaşadılması, şəhidlərimizin əziz xatirəsinin uca tutulması, Azərbaycan Ordusunun qəhrəmanlığının və xalqımızın birliyinin təbliği, həmçinin gənc nəslin vətənpərvərlik, milli qürur və azərbaycançılıq ruhunda tərbiyə olunması olub. Bu cür tədbirlər xalqımızın keçdiyi şərəfli yolun, milli birliyimizin və qazanılmış Qələbənin əhəmiyyətini bir daha xatırladır.

Konsertdə vətənpərvərlik mövzusunda mahnılar ifa olunub, qəhrəmanlıq və Zəfər ruhunu əks etdirən ədəbi-bədii kompozisiyalar təqdim edilib. İştirakçılar proqramı böyük coşqu və qürur hissi ilə izləyiblər.