Şahbuz rayonunda yaşıllıqlarda növbəti qulluq işləri aparıldı

11 oktyabr 2025-ci il tarixində, Konstitusiya və Suverenlik İli çərçivəsində Şahbuz rayonunda yaşıllıq sahələrinin qorunması və abadlaşdırılması məqsədilə növbəti genişmiqyaslı qulluq aksiyası keçirilib.

Tədbir zamanı ağacların gövdələri zərərvericilərdən mühafizə olunması üçün xüsusi məhlulla ağardılıb, alaq otları biçilib və ərazidən daşınıb. Bununla yanaşı, yaşıllıq sahələrində ümumi təmizlik işləri aparılıb, suvarma sistemi nəzarətə götürülərək bitkilərin normal inkişafı üçün şərait yaradılıb.

Aksiya, Şahbuz Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilib. Rayonun idarə, müəssisə və təşkilatlarında çalışan əməkdaşlar fəal iştirak edərək təmizlik və abadlıq işlərinə öz töhfələrini veriblər.

Qeyd edək ki, belə tədbirlər yalnız ətraf mühitin gözəlləşdirilməsinə deyil, həm də ekoloji tarazlığın qorunmasına mühüm töhfə verir. Şahbuz rayonunda yaşıllıqların mühafizəsi, ekoloji maarifləndirmənin gücləndirilməsi və əhalinin təbiətə qayğıkeş münasibətinin formalaşdırılması istiqamətində bu cür aksiyaların davamlı keçirilməsi nəzərdə tutulur.