Şahbuz rayonunda Polis Günü qeyd olunub

İyulun 2-də Şahbuzda Azərbaycan Polisi Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin Şahbuz şəhərindəki büstünün önünə gül-çiçək düzüb, xatirəsinə ehtiramlarını bildiriblər. 

 Daha sonra tədbirin rəsmi hissəsi Şahbuz  Rayon Polis şöbəsinin inzibati binasında davam edib. 

Tədbiri giriş sözü ilə Şahbuz Rayon Polis şöbəsinin rəisi polis polkovnik-leytenantı Siyafər Cəfərli açaraq, polis əməkdaşlarını “02 iyul Azərbaycan Polisi Günü” münasibəti ilə təbrik etmiş və Azərbaycan Respublikasının Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun polis əməkdaşlarına ünvanlanmış təbrikini çatdırmışdır. 

Tədbirdə çıxış edən, Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev “02 iyul Azərbaycan Polisi Günü” münasibəti ilə polis əməkdaşlarını təbrik etmiş və bildirmişdir ki, Ulu Öndər Heydər Əliyevin 24 may 1998-ci ildə 710 nömrəli Fərmanına əsasən hər il 2 iyul tarixi Azərbaycan Polisi Günü kimi qeyd edilir. Azərbaycan polisi ötən dövrdə  şərəfli yol keçmiş, ölkəmizdə müstəqilliyin və daxili sabitliyin təmin olunmasında mühüm rol oynamışdır. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə aparılan hüquqi islahatların nəticəsi olaraq, polis vahid hüquq-mühafizə orqanı kimi formalaşmışdır. Hazırda dövlət başçısının diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə böyük qələbə ilə nəticələnən 44 günlük Vətən müharibəsində Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları vahid komandanlıq altında xüsusi  qəhrəmanlıq  göstərmişlər. 

Tədbirdə digər çıxış edənlər, polis işçilərini təbrik etmiş, onlara azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, ictimai təhlükəsizliyinin qorunub saxlanılması işində uğurlar arzulamışdır. 

Tədbirin sonunda Şahbuz Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən xidməti fəaliyyətində fərqlənən bir qrup polis əməkdaşına Fəxri Fərmanlar təqdim edilmişdir.