Şahbuz rayonunda 15 iyun - Milli Qurtuluş Günü münasibətilə konsert proqramı keçirilib.

İyunun 15-də  Şahbuz Rayon İcra Hakimiyyətinin və Rayon Mədəniyyət Şöbəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında konsert proqramı təşkil olunmuşdur.

Tədbir zamanı bildirilib ki, 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malikdir. Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi ilə ölkəmizdə vətəndaş müharibəsinin, dövlətçiliyin məhv olmasının və ölkənin parçalanmasının qarşısı alınıb və bugünkü inkişafımızın əsası qoyulub.

Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir.

Konsertdə bəstəkar və xalq mahnıları səsləndirilib, rəqs nümunələri təqdim olunub, konsert iştirakçılarının çıxışları sakinlərin alqışları ilə qarşılanıb.