Şahbuz rayonunda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilib

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Şahbuz rayonunda tədbir keçirilib. Tədbirdən əvvəl Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova Ümummilli Lider Heydər Əliyevin Şahbuz şəhərindəki büstünü ziyarət etmiş, önünə gül dəstələri qoymuşlar.

Şahbuz Rayon Mədəniyyət Sarayında təşkil olunan tədbir uşaqların əl işlərindən ibarət sərgiyə baxışla başlayıb. Daha sonra iştirakçılar Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.

Tədbirdə çıxış edən Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev uşaqları təbrik edərək, onlara xoşbəxt və uğurlu gələcək arzulayıb. Bildirib ki, ölkəmizdə uşaqlara dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərilir. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Uşaqların sosial müdafiəsinin gücləndirilməsi, sağlam və xoşbəxt böyüməsi üçün bütün zəruri tədbirlər görülür.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova da çıxış edərək, uşaqlara göstərilən dövlət qayğısından danışıb və bayram münasibətilə onları təbrik edib.

Rayon üzrə 2024–2025-ci tədris ilində təhsil, incəsənət, idman və digər sahələrdə fərqlənən uşaqlara Şahbuz Rayon İcra Hakimiyyəti və Dövlət Komitəsi tərəfindən diplom və hədiyyələr təqdim olunub.

Tədbirin bədii hissəsində uşaqların ifasında mahnı və rəqs nömrələri təqdim olunub, konsert proqramı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.